Azərbaycan, Lənkərən, 29 noyabr / Trend , müxbir P. Əliyeva/ Azərbaycanın cənub bölgəsində güclü küləyin əsməsi və leysan yağışların yağması nəticəsində yollar dağılıb, 15 kənd işıqsız qalıb. Bundan əlavə, bölgədəki körpülər, elektrik qurğuları da sıradan çıxıb. Bu barədə Astara rayonunun Fövqəladə Hallar Komossiyasının sədri Məzahir Hüseynov şənbə günü Trend -a məlumat verib.
Hüseynov bildirib ki, bu gecə saat 05:00 radələrində Astara rayonunda güclü şimal küləyi ilə müşayət olunan leysan yağışı yağıb. Nəticədə rayonun ərazisində 10 kilometrlik yolun 5 kilometri dağılıb, 35 kilovatlıq elektrik dirəyi yanıb. Bundan əlavə, Lovail yarımstansiyasından verilən elektrik enerjisi kəsilib. Bu səbəbdən də rayonun 15 kəndinə verilən elektrik enerjisi və rabitə kəsilib. Vaqo və Ləzi kəndlərindəki piyadalar üçün nəzərdə tutulan körpüləri də dağılıb. Yağışın yağması nəticəsində Kovas və Vil kəndlərinə gedən yollar bağlanıb.
Hüseynov əlavə edib ki, hazırda rəhbərlik etdiyi komissiyanın əməkdaşları hadisə yerlərində araşdırma apararaq dəymiş ziyanın məbləğini müəyyənləşdirirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]