...

Azərbaycanda bəndlərin dağılması məcburi köçkün qəsəbələri üçün təhlükə yaradıb - Baş nazirin müavini

Hadisə Materials 7 May 2010 16:59 (UTC +04:00)
"Bu gün Kür çayında Şirvan şəhəri hissəsindəki bəndin dağılması ilə əlaqədar ərazidə yerləşən Şəhriyar və zəngilanlılar üçün nəzərdə tutulan məcburi köçkün qəsəbələri də təhlükə ilə üzləşib", - Baş nazirin müavini Əli Həsənov bildirib.
Azərbaycanda bəndlərin dağılması məcburi köçkün qəsəbələri üçün təhlükə yaradıb - Baş nazirin müavini

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini deyib ki, çaylarda suyun səviyyəsinin qalxması nəticəsində bəzi rayonlarda ciddi problem yaranıb.

"Bu gün Kür çayında Şirvan şəhəri hissəsindəki bəndin dağılması ilə əlaqədar ərazidə yerləşən Şəhriyar və zəngilanlılar üçün nəzərdə tutulan məcburi köçkün qəsəbələri də təhlükə ilə üzləşib", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Həsənovun sözlərinə görə, rayon icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyi təhlükənin qəsəbələrə yaxınlaşmaması üçün ciddi tədbirlər görürlər.

"Bu, təbii fəlakətdir. Ancaq bütün proses dövlətin nəzarətindədir. Minimum ziyanla ötüşmək üçün tədbirlər görülür", - Baş nazirin müavini əlavə edib.

Həsənov deyib ki, bundan əvvəl Tərtər çayında suyun səviyyəsinin artması nəticəsində Tərtər-Bərdə yolunun kənarında yaşayan 5-6 ailə də köçürülüb.

"Qalanları hələ ki, öz yerlərində qalıblar. Yağışlar nəticəsində Bərdə rayonunda Dördyol ərazisindəki Mamırlı qəsəbəsində də əvvəl 5-6 ev pis vəziyyətdə idi, indi 30-a qədər evin özülü demək olar ki, tamamilə çöküb. Tədbirlər görülür, su çəkilib, insanlar isə özlərinə müəyyən şərait yaratdıqlarından oradan köçmək istəmirlər. Ancaq biz onların müvəqqəti yaşaması üçün vaqonlar vermişik", - Həsənov vurğulayıb.

Trend-in arayışı: Azərbaycan Fövqəladə Hallar Nazirliyi son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar, respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyətin yarandığını elan edib.

"Bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 800-dən çox şəxsi heyəti, 186 ədəd texnika, 57 ədəd motopompa, 63 ədəd su nasosu vasitəsilə, həmçinin, rayon icra hakimiyyətlərinin müvafiq qüvvələri ilə birgə hadisə bölgələrində yaranmış vəziyyətin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir", - cümə günü öncə FHN-nin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, nazirliyin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kürqaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar.

Xəbər lenti

Xəbər lenti