Son iki abzasda təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:50-də yayılıb)
Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Qazax rayonunda Kür məcrasından çıxaraq ərazini su altında qoyub.
"Yuxarı Salahlı kəndində iki gün ərzində Kürün suyu çayın sağ sahilində uzunluğu 240 metr olan torpaq bəndləri dağıdıb", - Trend-in müxbiri hadisə yerindən xəbər verib.
Trend-ə Yuxarı Salahlı kənd bələdiyyə sədri Şahismayıl Məmmədovun dediyinə görə, kəndin 50 hektara yaxın ərazisini su basıb. Hazırda kənddəki yeganə artezian quyusu dağılmaq təhlükəsi altındadır. Bunun nəticəsində yerli əhali içməli susuz qala bilər.
Ötən ilin əvvəlində Kür, Araz və digər çayların məcrasından çıxması nəticəsində Azərbaycanın 40 rayonunun ərazisində daşqın olub.
Qazax rayonu Bakının 520 kilometrliyindədir.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin su anbarları şöbəsinin direktoru Əbdülrəhman Hacıyev Trend-ə deyib ki, ASC Qazax rayonunda Kür sahilində tikinti və sahilbərkitmə üzrə əsaslı işlər planlaşdırır. Onun sözlərinə görə, bu yerdə sahilbərkitmə işləri üçün min kubmetr daş lazım olacaq.
Şöbə müdiri bildirib ki, Kürün yuxarı səthində su səviyyəsi mövsümi normanı ötmür, baş verən daşqın isə müvəqqəti xarakter daşıyır. "Bu gün Qazax rayonunda olan Kürün Qıraqkəsəmən məntəqəsində su sərfiyyatı saniyədə 400 kubmetr təşkil edir, halbuki ötən il bu göstərici saniyədə 530 kubmetr olub", - o deyib.