...

Minsk metrosunda partlayış zamanı yaralanan azərbaycanlının vəziyyəti normaldır

Hadisə Materials 13 Aprel 2011 15:11 (UTC +04:00)
Minsk metrosunda partlayış zamanı yaralanan azərbaycanlı Roman Qaraxanovun vəziyyəti normaldır, o, tezliklə xəstəxanadan evə buraxılacaq.
Minsk metrosunda partlayış zamanı yaralanan azərbaycanlının vəziyyəti normaldır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir S.Ağayeva/

Minsk metrosunda partlayış zamanı yaralanan azərbaycanlı Roman Qaraxanovun vəziyyəti normaldır, o, tezliklə xəstəxanadan evə buraxılacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Belarusdakı səfirliyinin məlumatına istinadən Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev bildirib.

Bu gün Azərbaycanın diplomatik missiyasının əməkdaşları xəstəxanada Qaraxanova baş çəkiblər.

Minsk metrosunda baş vermiş partlayış nəticəsində zərər çəkənlər arasında azərbaycanlı Roman Qurbanoğlu Qaraxanov da var. Bu barədə dünən Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyevin sözlərinə istinadən məlumat verib.

"Əslən azərbaycanlı olan, 1990-cı il təvəllüdlü Qaraxanov Gürcüstanda anadan olub, Rusiya vətəndaşıdır. Qaraxanovun vəziyyəti normaldır, bu gün Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri ona baş çəkiblər. Həkimlərin sözlərinə görə, o, sabah xəstəxanadan buraxılacaq", - Poluxov qeyd edib.

Minsk metropoliteninin "Oktyabrskaya" stansiyasında partlayış metroda sərnişinlərin çox olduğu bir vaxtda - bazar ertəsi axşam baş verib. Son məlumatlara görə, 12 nəfər həlak olub, 157 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 26-sının vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti