Altıncı abzasdan sonra Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı əlavə olunub (ilk xəbər saat 10:26-da yayılıb)
Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda yük maşını minik avtomobili ilə toqquşub, nəticədə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan rayonunda, Ələt-Astara avtomobil yolunun 48-ci kilometrliyində yük maşını və "QAZ" markalı minik avtomobili toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, minik avtomobilində olan 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1951-ci il təvəllüdlü Əhmədov Soltan Dadaş oğlunun və 1965-ci il təvəllüdlü Abbasov Fəxrəddin Ağagül oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza zamanı yaralanmış 1997-ci il təvəllüdlü Abbasov Elvin Fəxrəddin oğlu və 1969-cu il təvəllüdlü İbrahimov Namiq Əmrah oğlu xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindəki hissəsində 1963-cü il təvəllüdlü İran vətəndaşı Məqsədqələ Məhəmmədtəqi Xosrov oğlunun Ələt istiqamətində idarə etdiyi "İnternational" markalı, 15 A 424-10 qeydiyyat nişanlı yük avtomobili 1951-ci il təvəllüdlü Salyan rayon sakini Əhmədov Soltan Dadaş oğlunun idarə etdiyi "Qaz-24" markalı, 52 BE 143 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə "Qaz-24" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1965-ci il təvəllüdlü Salyan rayon sakini Abbasov Farəddin Ağagül oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişinlər 1983-cü il təvəllüdlü Ədilov Natiq Əzizağa oğlu, 1969-cu il təvəllüdlü İbrahimov Namiq Əmrah oğlu və 1997-ci il təvəllüdlü Abbasov Elvin Farəddin oğlu xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, Elvin Abbasov və Namiq İbrahimov aldıqları xəsarətlərdən xəstəxanada ölüblər.
Qəzaya yük maşınının qarşı hərəkət zolağına çıxması səbəb olub.