Azərbaycan, Bakı, 17 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan və İran vətəndaşlarından ibarət mütəşəkkil qrupu zərərsizləşdirib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, aprel ayında keçirilmiş əməliyyat zamanı məlum olub ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil ediblər.
DSX tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun azərbaycan vətəndaşlarından olan 2 üzvü saxlanılıb, onlarla aparılmış araşdırma zamanı məlum olub ki, İrandan azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 Azərbaycan vətəndaşı, Masallı rayon sakinləri Zamin Əhmədov və Həmayıl Məmmədova İranın Parsabad şəhəristanı Əlirzabas kəndində girovluqda saxlanılır, onların səhhətinə və həyatına ciddi təhlükə yaranıb.
Aprelin 27-də İran sərhəd polisinin aidiyyatı qurumu bu barədə məlumatlandırlıb, müqabil tərəfdə mütəşəkkli qrup üzvlərinin müəyyənləşdirlərək aşkar edilməsi, zərərsizləşdirlməsi və azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirin keçirilməsi razılaşdırılıb.
İranın aidiyyatı qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində həmin qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılıb və girovluqda olan Azərbaycan vətəndaşları azad edilərək mayın 3-də təhvil verilib.
Tədbirlərin davamı olaraq İran tərəfindən mütəşəklli cinayətkar qrupun digər üzvləri aşkar olunub və ümumilikdə 7 nəfər saxlanılıb, onlardan silah-sursat, tecniki vasitələr, külli miqdarda narkotik maddə, əntiq əşyalar, cinayət məqsədilə istifadə olunan 5 nəqliyyat vasitəsi, 3 ədəd mobil telefon və digər maddi sübutlar saxlanılıb.
Azərbaycan ərazisinə keçirilmiş narkotik vasitə və qrupun bir üzvü də saxlanılıb.
Faktla bağlı birgə tədbirlər davam etdirilir.