Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
Qazaxda yük və minik avtomobilləri toqquşub, yaralanan var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qazax rayonu, Çaylı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili və digər vətəndaşa məxsus "BMW" markalı minik avtomobili toqquşub. Nəticədə, yanğın baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin kabinə hissəsi yanıb, minik avtomobilinin sürücüsü yaralanıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:30-da başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.