Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/
Lənkəran şəhər sakininin evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Evdə onun özünün, rayon sakinləri Əliağa Əliyev, Azər Qurbanov, Fərhad Nuriyevin və Lerik rayon sakini Vüsal Həbibullayevin inyeksiya yol ilə heroin məhlulu qəbul etmələri aşkar edilib və onlar saxlanılıblar.
Evə baxış amanı 452,709 qram heroin, 50 ədəd istifadə edilmiş, 30 ədəd istifadə edilməmiş birdəfəlik şpris və narkotik məhlul hazırlamaq üçün qablar aşkar edilərək götürülüb.
Cəlilabad rayonunda isə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Həsənovdan 5 kiloqram 15 qram tiryək götürülüb. Həsənovun həyətyanı sahəsinə baxış zamanı 13 kiloqram 310 qram tiryək və 1 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb.