...

Milli Məclisin Zaqataladan seçilmiş deputatı yol qəzasında vəfat edib

Hadisə Materials 8 Mart 2013 01:45 (UTC +04:00)
Trend "Kanal S" televiziyasına istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev vəfat edib.
Milli Məclisin Zaqataladan seçilmiş deputatı yol qəzasında vəfat edib

Azərbaycan, Bakı, 8 mart /Trend/

Azərbaycan Milli Məclisinin Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev vəfat edib.

Trend "Kanal S" telekanalına istinadən xəbər verir ki, Atayev idarə etdiyi avtomobillə saat 21.20-də Balakən rayonunun Qazma kəndi ərazisində qəzaya uğrayıb.

Hikmət Atayev hadisə yerində vəfat edib. Balakən Mərkəzi Xəstəxanasından verilən məlumata görə, maşında olan mərhumun oğlunun vəziyyəti qənaətbəxşdir. Hadisənin onların Gürcüstandan qayıdarkən baş verdiyi bildirilir.

Hikmət Atayev 1953-cü il fevralın 4-də Zaqatalada anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2005 - 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Hikmət Atayev evli idi, 4 övladı atası idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti