Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/
Bərdə yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 2 nəfərin həyatına son qoyulub, 2-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend Kanal S-ə istinadən xəbər verir ki, iyunun 9-da saat 23:50 radələrində Yevlax - Bərdə yolunda Yevlax rayonunun Malbinəsi kəndi ərazisində 2 nəfərin ölümü, 2-nin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bərdə rayonu istiqamətində hərəkətdə olan Biləsuvar sakini, 1985-ci il təvəllüdlü Qasımov Rəşad Səlim oğlunun idarə etdiyi "09-BJ-081" dövlət nömrə nişanlı "Chevrolet" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan "QAZ 53" markalı "03-BF-234" dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
Hadisə zamanı "Chevrolet" markalı avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Şahbazlı Cəfər Hüseyn oğlu və 1985-ci il təvəllüdlü Şəki rayon sakini Mahmudova Aynur Soltan qızı aldıqları ağır bədən xəsarətləri nəticəsində elə hadisə yerində ölüblər.
"Chevrolet" markalı avtomobilin sürücüsü "N" saylı hərbi hissənin çavuşu Rəşad Qasımov və avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Bərdə rayon sakini Şahbazlı Firuzə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax rayonu Regional Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.
Yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçdığı üçün onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.
İlkin ehtimala görə, hadisəyə "Chevrolet" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və hərəkətdə olan yük avtomobilinin arxa işıqlarının olmaması səbəb olub.