Azərbaycan, Bakı, 2 iyun /Trend/
FHN-in saytı piyada keçidinin çökməsi barədə rəsmi məlumat verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində "Mercedes" markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.