Azərbaycan, Bakı, 26 iyun /Trend/
Quldurluğa görə tutulmuş Bakı şəhər sakini Əli Həsənlinin bir qrup şəxslərlə əlbir olaraq başqa cinayət əməlləri törətməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Aynurə Bayramovanın 225 manatını və qızıl əşyalarını quldurluq yoli ilə almış Bakı şəhər sakini Ə.Həsənli tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov və Ceyhun Rəsulovla birgə iyunun 23-də Suraxanı rayonu ərazisindəki "Lukoil" YDM-də oranın işçiləri Elvin Kərimovu və Röyal İsmayılovu tapançaya oxşar əşya ilə hədələyərək, küt alətlə xəsarət yetirərək oradakı seyfdən 5000 manat, habelə təhlükəsizlik kamerasının monitorunu aparması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Hüseynov, Ş.Məmmədov, M.Gəraylı, S.Abbasov, Ə.Cabbarov və C.Rəsulov tutulublar.