Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən (ANAMA) iyun ayı ərazində 73 partlamamış hərbi sursat (PHS), 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin iyun ayı ərzində 2,886,465 kvadratmetr ərazi yoxlanılıb, mina və PHS-dən təmizlənib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 261,724,097 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,085-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Beyləqan, Gədəbəy, Goranboy, Qazax, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Şəmkir və Tərtər, eyni zamanda, Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
2014-cü ilin iyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.