...

"Nardaran işi"ndə vəkillərin vəsatətləri təmin olunmadı

Hadisə Materials 23 Dekabr 2016 17:59 (UTC +04:00)
Proses dekabrın 26-na təxirə salınıb.
"Nardaran işi"ndə vəkillərin vəsatətləri təmin olunmadı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə vəkillər növbəti dəfə təqsirləndirilən şəxslərin iclasda iştiraklarının təmin edilməsi, hadisələr zamanı ölən polislərin hüquqi varislərinin məhkəməyə çağırılması, gəlməyəcəkləri halda məcburi gətirilmələri barədə vəsatət veriblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Fasilədən sonra təqsirləndirilən şəxslər məhkəmə zalına gətirilib.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən proses dekabrın 26-na təxirə salınıb.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri - Rasim Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Abbas Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti