Bakı. Samir Əli - Trend:
Tovuzda keçirilən toy məclisində zəhərlənmə ilə xəstəxanaya gətirilənlər evə buraxılıb.
Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, zəhərlənmə ilə bağlı xəstəxanaya 39 nəfər müraciət edib: "Həmin şəxslərə dərhal tibbi yardım göstərilib. Gecə saatlarında onlardan bəzilərinin səhhəti normal olduğundan ambulator müayinəyə buraxılıb. Qalan xəstələr isə bu gün səhər yenidən müayinə edilib və evə buraxılıb".
Məlumatda qeyd olunur ki, zəhərlənmə qidadan baş verib: "Hazırda xəstələrdən analizlər götürülüb və müayinəyə göndərilib. Hələlik zəhərlənmənin hansı qidadan baş verdiyi məlum deyil. Analizlərin cavabından sonra zəhərlənmənin hansı qidadan baş verdiyi bilinəcək".
Xatırladaq ki, sentyabrın 7-də axşam saatlarında Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib.