Bakı. Trend:
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə, 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Namazovdan 5 kiloqramdan artıq marixuana götürülüb. Daxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin yaşadıqları mənzillərə də baxış keçirilib və O.Dibirovun evindən 173,24 qram, M.Abdullayevin evindən 195,87 qram, Mühiddinin evindən 197,93 qram, Elçinin evindən isə 164,21 qram marixuana aşkar edilərək götürülüb. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.