...

Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının əri: Arvadım psixi xəstədir

Hadisə Materials 20 İyun 2018 16:55 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının əri: Arvadım psixi xəstədir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. H.Allahverdiyeva ittihama münasibət bildirmək istəməyib.

Prosesdə ifadə verən H.Allahverdiyevanın hüquqi varisi kimi tanınan həyat yoldaşı arvadının 2014-cü ildən psixi xəstə olduğunu və müalicə aldığını deyib: "Həyat yoldaşım psixi xəstədir. O, uzun müddət gözəllik salonlarında xadimə işləyib. Onun bu qədər adamı aldatmasından xəbərim olmayıb".

Daha sonra məhkəmədə ifadə verən zərərçəkmiş Sədayə Xəlilova bidirib ki, H.Allahverdiyeva ilə eyni salonda çalışıb və ona 347 min manat pul verib: "Həmin pulun 47 min manatını qızıl kimi almışam. İndi Hicran özünü xəstəliyə vurub, amma elə deyil. O, salonda xidmətçi olmayıb, qeydiyyat şöbəsində idi. Salonda bütün işləri də Hicran həll edirdi".

S.Xəlilova vurğulayıb ki, H.Allahverdiyeva pulu salonun sahibi Ağa Məmmədovun adından alaraq, təbii bitkilərdən dərmanlar hazırlayan şirkətlər açacaqlarını deyib.

Digər zərərçəkmiş Lətifə Tapdıqova bildirib ki, H. Allahverdiyeva özünü dindar qadın kimi tanıdıb ondan 6500 manat alıb.

Zərərçəkmiş Afət Rəhimova isə bildirib ki, o, H.Allahverdiyevaya 65 min manat pul verib.

Məhkəmə iclası iyunun 27-də davam etdiriləcək.

İttihama görə, H.Allahverdiyeva Bakıda şirkət yaratmaq adı ilə 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daha əvvəl bu işlə bağlı eyni instansiyada hökm cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.

Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.

Bundan sonra məhkəmə qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçüm Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti