Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda bıçaqlanaraq öldürülən Xəlilov Elman Elyar oğlu Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub.
Bu barədə Trend-ə universitetdən məlumat verilib.
Qeyd olunub ki, hadisə 23.12.2018-ci il tarixində, yəni istirahət günündə universitetdən kənarda baş verib:
"Bizdə olan qeyri-rəsmi məlumata görə, 25.07.2000-ci il təvəllüdlü Elman uşaqlıq dostu Murğuzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Xatırladaq ki, Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.