Bakı. Samir Əli - Trend:
Abşeron rayonu Xırdalan şəhərində qadına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən bildirib ki, Xırdalan şəhərinə getmək üçün müştəri kimi əyləşdiyi taksidə sürücünün hücumuna məruz qalıb. Sürücü qadının həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib onu bıçaqla vurmaqla hədələyərək üzərində olan 47 manat pulu ələ keçirib. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov tutularaq istintaqa təqdim olunub və o, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.