Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Yusif Babayev həyat yoldaşının Bakı Slavyan Universitetində işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini deyib.
"Dedilər ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Onunla görüşdüm, razılaşdıq ki, həyat yoldaşım xarici əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında pandemiya oldu, dedilər yanvar ayında işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim", - şahid bildirib.
Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət
bildirmək istəməyib.
Prosesdə daha sonra ixtisasartırma üçün Bakı Slavyan
Universitetində təhsil almış Esmira Qurbanova və Rövşanə
Abduləzimova ifadə verib.
Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsinin hesaba oturmadığı üçün universitetə borclu qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.