Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən
xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub
ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol
kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması
nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya
uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə
qalıb.
Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə
vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə
qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək
təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.