Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir X.Murtuzayeva/
Türkiyənin İstanbul şəhərində Fateh Sultan Mehmet körpüsü üzərində arı şanları daşıyan yük maşını qəzaya uğrayıb. Aşan yük maşınındakı arı şanları yola səpələnib. Ətrafa yayılan arılardan zərər görməmələri üçün yol patrul xidməti digər sürücüləri xəbərdar edib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Zaman" qəzeti yayıb.
Qəza dünən saat 23:30 radələrində körpünün Ədirnə istiqamətindəki çıxışında baş verib. Yük avtomobili sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Arıların yuvalarından çıxaraq ətrafa yayıldığını görən sürücü yoldaşlarına vəziyyətlə bağlı xəbər verib. Bu zaman onlar başqa yük maşını ilə dərhal hadisə yerinə gələrək arı yuvalarını maşına yığmağa başlayıblar.
Ərazidəki yol patrul xidməti yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıb. Sürücülərə avtomobillərin şüşələrini bağlamaq barədə göstəriş verilib.
Arı yuvalarının sahibi arıları Kavacıkdan Trakyaya apardığını, lakin maşının təkərinin partlaması səbəbindən onun aşdığını bildirib. Onun sözlərinə görə, gecə olduğundan arılar heç kimə zərər verməyib.