...

Ayının İlisu sərgüzəştləri

Maraqlı Materials 24 Oktyabr 2013 20:13 (UTC +04:00)
Qaxın İlisu kəndinin sakinləri təlaş içindədirlər. Buna səbəb isə kəndə ayının hücum çəkməsidir. Vəhşi heyvan sakinlərin mal-qarasını tələf edib, özlərini isə qorxuya salıb.
Ayının İlisu sərgüzəştləri

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Qaxın İlisu kəndinin sakinləri təlaş içindədirlər. Buna səbəb isə kəndə ayının hücum çəkməsidir. Vəhşi heyvan sakinlərin mal-qarasını tələf edib, özlərini isə qorxuya salıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hər ilin bu vaxtı Qaxın İlisu kəndi ayının hücumuna məruz qalır. Mal-qara sürüləri dağdan enərkən vəhşi heyvan da onların iyinə kəndə gəlir. Sonuncu dəfə isə 2 gün bundan öncə ayı kəndin yaxınlığında otlayan mal-qara sürüsünə hücum çəkib.

Son ay ərzində ayı bir neçə dəfə kəndin ətrafında görünüb. 2 gün öncə isə vəhşi heyvan sakinlərin 3 baş mal-qarasını öldürüb. Sakinlər bu cür halların artıq bir neçə dəfə təkrarlandığını bildirirlər. Onlar ayı hücumunun təkrarlanacağından narahatdırlar. Artıq mal-qaranı otlağa göndərmək qeyri-mümkün olub, günün qaranlıq vaxtı evdən çıxmaq da təhlükəli hal alıb.

Kənd sakinləri mal-qara sürüsünə hücum çəkən vəhşi heyvana qarşı heç bir tədbir görə bilmirlər. İş ondadır ki, ayını öldürən şəxsi yüksək məbləğdə cərimə gözləyir. Buna görə də sakinlər aciz qalıblar.

Məsələ ilə bağlı İlisu kənd icra nümayəndəliyindən bildiriblər ki, kənd İlisu dövlət qoruğu ilə sərhəddə yerləşdiyindən ayının kəndə girməsi təbii hadisədir. Bu bütün dağlıq kəndlər üçün xarakterikdir. Artıq ayı dağlara çəkilib və sakinlərin təlaşa düşməsi üçün əsas yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti