Azərbaycan, Bakı, 30 mart /Trend/
Litvanın paytaxtı Vilnüs Avropa şəhərləri arasında turistlər üçün ən ucuz şəhər seçilib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın "Post Office" poçt xidməti araşdırma aparıb.
Araşdırmaya əsasən, orta hesabla 100 avroya Vilnüsdə istirahət günlərini keçirmək mümkündür. Reytinqdə ikinci və üçüncü yerləri Budapeşt (119,77 avro) və Riqa (120,39 avro) tutublar.
Avropanın ən bahalı şəhəri isə Stokholm seçilib. İsveç paytaxtında turistlərə istirahət günlərində orta hesabla 310 avrodan çox pul tələb oluna bilər.
Reytinq tərtib edilərkən 3 ulduzlu hoteldə iki gecəlik, aeroportdan transfer, şərab daxil olmaqla şam yeməyi, şəhərdə ekskursiya və nəqliyyat qiymətləri nəzərə alınıb.