Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ BMT Baş Assambleyasının 62-ci sessiyasında "Demokratiya və İqtisadi Əməkdaşlıq Təşkilatı - GUAM"a üzv dövlətlərin ərazisində "dondurulmuş münaqişələr" məsələsi ilə bağlı müzakirələr oktyabrın 3-nə təyin olunub. Cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarovun verdiyi məlumata görə, müzakirələr zamanı o, "dondurulmuş münaqişələr" mövzusunda məruzə ilə çıxış edəcək.
Bu görüşə qədər GUAM-a üzv dövlətlərin (Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova) XİN rəhbərləri sentyabrın 29-da əməkdaşlıq məsələlərini razılaşdırmaq məqsədilə Nyu-Yorkda görüşəcəklər.
GUAM-a üzv dövlətlərin ərazisində "dondurulmuş münaqişələr" məsələsi Baş Assambleyada Azərbaycanın təşəbbüsü ilə müzakirə olunacaq. Beləliklə, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünya ictimaiyyətinə bir daha çatdırmağa çalışır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin BMT-də nəzərdən keçirilməsinin əleyhinədir. Danışıq prosesi BMT-nin razılığı ilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.