Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Ermənistan hakim dairələrinin Ermənistan-Azərbaycan münaqişəsinin kökündə dini amilin yatmasına dair bəyanatları cəfəngiyatdır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə cümə günü "Tolerantlıq örnəyi - Azərbaycan" adlı konfransda çıxışı zamanı bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Bu günlərdə Ermənistanın baş naziri Serj Sarkisyan Ermənistan-Azərbaycan münaqişəsinin mənbəyində dini amilin dayanmasına dair bəyanatla çıxış edib.
"Bu sərsəm ideyalar Azərbaycanın artan hərbi gücü qarşısında acizliyini anlayan Ermənistanın Qərbə həyəcan siqnalıdır. Bununla ermənilər "əzabkeş xalq" rolunu oynayaraq Qərbdən daha çox dəstək almaq məqsədi güdürlər" - deyə Paşazadə bildirib.
Şeyxulislam onlara erməni katoliki I Vazgenlə imzalanan sənədlə cavab verib. Onlar tərəfindən imzalanan bəyanatda xüsusilə qeyd olunur ki, "Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi təqdim etməyə cəhd göstərmək yolverilməzdir və buna iddia edən şəxs Allah qarşısında günahkardır".
"Bu gün Vazgenin ardıcılları öz siyasi mənafeləri üçün dini liderlərinin mövqeyini inkar edirlər" - deyə Paşazadə bildirib. Onun sözəlrinə görə, əsrlər boyu Azərbaycanda müxtəlif dinlər sülh şəraitində mövcud olub və Azərbaycan tolerantlıqda dünyanın bir çox ölkələri üçün yaxşı örnək ola bilər. Şeyxulislamın qeyd etdiyinə görə, Azərbaycanda mövcud olan sülhsevərlik və tolerantlıq bütün dünya tərəfindən tanınıb.