Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı qısa müddət ərzində "Sülh müqaviləsi"nin icrasına başlamağa çağırıb.
Bu barədə dünən Madriddə Azərbaycan və Ermənistanın XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyan ilə görüşən və ilk dəfə olaraq tərəflərə münaqişənin həlli üzrə yazılı formada təkliflər paketi (Sülh müqaviləsinin əsas prinsiplərini) təqdim edən ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilir.
ATƏT-in Minsk qrupu həmsədrləri dünən ATƏT ölkələrinin Nazirlər Şurasının 15-ci iclası zamanı Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 10 təklifdən ibarət yazılı təkliflər veriblər.
Sənəd cümə axşamı Madriddə Azərbaycanın xarici işlər naziri Məmmədyarovun Ermənistanın xarici işlər naziri Oskanyanla görüşü zamanı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Nikolos Bern tərəfindən təqdim olunub.
Minsk qrupunun bəyanatında bildirilir ki, münaqşə tərəfləri danışıqların hazırkı mərhələsini başa çatdırmaq və tezliklə tərəflərə verilmiş "Əsas prinsiplər" əsasında sülh sazişinin həyata keçirilməsində israrlıdırlar.
Həmsədrlərin rəyinə görə, son üç ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər fikir ayrılığını əhəmiyyətli dərəcədə azaldıblar və yalnız bir neçə razılaşdırılmamış məsələ qalıb.