Azərbaycan, Bakı, 18 yanvar/ Trend , müxbir C.Babayeva/ Dağlıq Qarabağ danışıqlar prosesinə cəlb edilərsə Qarabağ Azadlıq Təşkilatı (QAT) kütləvi etiraz aksiyaları keçirmək niyyətindədir. Bu barədə cümə günü Trend ə təşkilatın sədri Akif Nağı məlumat verib.
Nağının sözlərinə görə, bu aksiyalar qeyri-ənənəvi olacaq. Lakin o, aksiyaların təfsilatı haqqında məlumat verməkdən imtina edib.
Minsk qrupunun fransalı həmsədri Bernar Fasye dünən İrəvanda Azərbaycan və Ermənistan paytaxtlarında Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması məsələsinin müzakirə edildiyini bildirib.
ATƏT-in rusiyalı həmsədri Yuriy Merzlyakov cümə günü Bakıda jurnalistlərə Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsinin Azərbaycanın qərarından asılı olduğunu bildirib.
Nağının sözlərinə görə, Azərbaycan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakına heç bir halda yol verməməlidir.
Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim cümə günü Trend ə rəsmi Bakının Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi məsələsini müzakirə etmədiyini bildirib.
"Həmsədrlərin Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi haqqında bəyanatı Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etməli olduğunu bir daha sübüt edir" - Nağı qeyd edib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana daxil olmasına qadağa qoyulması haqqında tələblə çıxış edə biləcəklərini bildirib.
QAT Qarabağın erməni işğalçılarından azad edilməsi üzrə ictimai təşkilat kimi 2000-ci ildə Bakıda yaradılıb. Onun sədri tarix elmləri doktoru, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycan ziyalılarının tanınmış nümayəndələrini, qaçqın və məcburi köçkünləri, gənclərin nümayəndələrini, keçmiş döyüşçüləri və ehtiyatda olan zabitləri birləşdirir.