...

Avropa Komissiyası Xocalı soyqırımını pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2008 11:53 (UTC +04:00)
Avropa Komissiyası Xocalı soyqırımını pisləyib

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir E.Babayev/ Avropa Komissiyası (AK) ilk dəfə olaraq Xocalı soyqırımını pisləyib. "Avropa Komissiyası Xocalıda baş verənləri qətiyyətlə pisləyir", deyə AK-nın sədri Xose Manuel Barrosonun adından Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasına (BATƏŞ) göndərilən məktubda deyilir. Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirlyinin, Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birinçi katibi, BATƏŞ-in fəxri sədri Fuad Hümbətovun çərşənbə axşamı jurnalistlərə verdiyi məlumata görə, Xocalıda insanlığa yaraşmayan vəhşiliyin törədilməsi AK sədrinin məktubunda bəyan edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib

BATƏŞ Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı AK-nın iqamətgahı qarşısında aksiya keçirmişdi və Xocalı faciəsinin soyqırım kimi tanınması üçün rəsmi məktubla AK-ya müraciət etmişdi.

Hümbətov bildirib ki, AK-nın ilk dəfə Xocalı barədə obyektiv ifadələr işlətməsi beynəlxalq aləmin bu hadisəni soyqırım kimi tanıması üçün ilkin addımlar atdığını göstərir. AK sədri məktubunda, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bildirib və qurumun bunun üçün əlindən gələni edəcəyini bəyan edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti