Azərbayan, Bakı, 17 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar Azərbaycanda keçirilən prezident seçkisindən əvvəl dayandırıldığı mərhələdən davam etdiriləcək.
"Azərbaycanda keçirilən prezident seçkisindən əvvəl münaqişənin həlli üçün mühüm addımlar atılıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin gedişi və xarakteri Ermənistan rəhbərliyinin mövqeyindən asılı olacaq " - cümə günü Trend - a Azərbaycan Prezidenti İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından namizəd, indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.
Prezident Aparatının rəsmisi qeyd edib ki, seçkidən əvvəl münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, Rusiya və Türkiyə rəhbərliyi əlavə səylər göstəriblər.
Onun sözlərinə görə, hazırda bütün səylər Ermənistan tərəfinin mövqeyinin daha da konsturuktiv, anlaşılan və beynəlxalq hüquq normalarına uyğun olmasına yönəlib.
"Cənubi Qafqazda baş verən son proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verib, Avropa İttifaqı və Qərb ölkələri belə münaqişənin həll olunmamış qalmasının çox böyük təhlükə olduğunu bildirdilər və bu münaqişələrin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğuladılar. Ona görə də, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün münbit şərait yaranıb" - Məmmədov əlavə edib.
Məmmədovun fikrincə, bir neçə ay ərzində məlum olacaq ki, Ermənistan rəhbərliyinin münaqişənin həlli məsələsində doğrudanmı səmimi mövqeyi var və bunda maraqlıdır, yoxsa müəyyən manevrlər edərək, hiyləgər addımlar ataraq vaxt uzadır, özünə reytinq qazanır, ölkə vətəndaşları və erməni diasporu qarşısında mövqeyini möhkəmləndirir: "Azərbaycan tərəfindən danışıqların davam etdirilməsində problem yoxdur".
Prezident Aparatının rəsmisi bildirib ki, bu seçkidən sonra Azərbaycan prezidentinin mövqeyi daha qətiyyətli olacaq.
"Münaqişənin həlli vaxtı gəlib çatıb və bununla bağlı mühüm addımlar atılmalıdır. "Praqa prosesi", yəni münaqişənin mərhələli şəkildə həlli prosesi davam edəcək. Madriddə razılaşdırılması yarımçıq qalan bəzi məsələlərlə bağlı danışıqlar davam etdiriləcək. İndi formalaşan fikir ondan ibarətdir ki, münaqişənin həlli üçün ən yaxşı və uyğun variant rayonların azad edilməsi, sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə yanaşılmasıdır. Proseslər bu çərçivədə gedəcək. Minsk qrupu həmsədrlərinin apardığı iş və bölgədə gedən proseslər nəticəsində ola bilər ki, qarşıdakı 3-4 ayda danışıqlarda müəyyən irəliləyiş olsun. Bundan sonra proseslərin hansı istiqəmətdə və xarakterdə gedəcəyi məlum olacaq" - deyə Məmmədov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]