Azərbayan, Bakı, 21 oktyabr / Trend müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir.
"Əvvəllər üçtərəfli görüşlər olub və yeni bir görüşün keçirilməsi mümkündür", - çərşənbə axşamı Trend - a Azərbaycan Prezidenti İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Trend -un arayışı:. Ermənistanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev Yerevanda bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyada görüşü baş tuta bilər. Medvedyev qeyd edib ki, dövlət başçıları bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər. "Yaxın vaxtlarda üç prezidentin görüşü təşkil olunmalıdır. Bu görüş Rusiyada keçiriləcək", - Rusiya dövlətinin başçısı bildirib.İki Cənubi Qafqaz ölkəsi - Azərbaycan və Ermənistanq arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Hazırda Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır
Prezident Aparatının rəsmisi bildirib ki, görüşlə bağlı təşəbbüs və təklif Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı irəli sürülüb.
"Rusiya dövlət başçısı Dmitri Medvedyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında aparılan danışıqlar zamanı görüşün keçirilməsi məsələsi ortaya çıxıb. Yəni dövlət başçıları müəyyən məsələləri, o cümələdən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edərəkən, üçtərəfli görüş gündəmə gəlib", - deyə Məmmədov əlavə edib.
O bildirib ki, son vaxtlar rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs göstərir, bunda daha çox maraqlı olduğunu nümayiş etdirir.
"Ona görə də, üçtərəfli görüşlə bağlı təklif ola bilər. O zaman Azərbaycan prezidenti İlham Əliyev buna öz münasibətini bildirəcək", - Məmmədov əlavə edib.
Məmmədov deyib ki, Rusiya prezidenti görüşlə bağlı təklifi səsələndirib. Amma bunun hansı formada ola biləcəyi, nə zaman üçün nəzərdə tutulduğu haqda hələlik məlumat yoxdur.
"Bu görüş müxtəlif variantlarda ola bilər. Vladimir Putin prezident olarkən Moskvada üçtərəfli görüş keçirilib, Fransada belə bir görüş olub. Azərbaycan tərəfinə rəsmi dəvət və dəqiq məlumat daxil olandan sonra, məsələyə konkret münasibət bildirmək mümkün olacaq", - deyə Prezident Aparatının rəsmisi vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]