...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizmalanması üçün imkanlardan istifadə etməyə başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2008 10:40 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizmalanması üçün imkanlardan istifadə etməyə başlayıb

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbirlər E.Tariverdiyeva, R.Hafizoğlu/ Rusiya yalnız indi əvvəlki ilə müqayisədə daha neytral mövqe tutaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün öz imkanlarından lazımi surətdə istifadə etməyə başlayıb.

"Rusiyanın imanları məhdud olsa da, Moskva hətta bu məhdud imkanlarından, ümumiyyətlə, istifadə etməyib, ya da pis istifadə edib", - rusiyalı politoloq Viktor Pribılovski bildirib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşü noyabrın 2-də Moskvada keçiriləcək, - Kremlin mətbuat xidməti xəbər verib.

Dmitri Medvedyevin Azərbaycana səfəri zamanı bu görüşün keçirilməsi haqqında razılıq əldə edilib. Rusiya prezidenti hesab edir ki, Qarabağ münaqişəsinin həlli bütün tərəflərin maraqlarının nəzərə alınmaqla, müqavilə - hüquq əsası çərçivəsində tapılmalıdır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Rusiya və Gürcüstanın hərbi qarşıdurması nəticəsində yüzlərlə insanın həlak olduğu Tsxinvalidəki avqust hadisələri və Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra, Kreml üçün Dağlıq Qarabağ münaqişəsinin həlli mühüm əhəmiyyət daşımağa başlayıb.

Müşahidəçilər hesab edirlər ki, regionda təsirinin zəfiləməsindən qorxan Rusiya burada yarana biləcək növbəti münaqişədən qaçmaq üçün əlindən gələni edəcək, eləcə də əvvəl istifadə etmədiyi imkanlarının istifadəsinə başlayacaq.

Rusiya, həqiqətən də, bu münaqişənin həlli üçün bütün imkanlarından istifadə etməyə başlayıb, - Qafqaz Araşdırmalar İnstitutunun direktoru Svante Kornell telefonla Trend - a bildirib. Onun sözlərinə görə, Türkiyənin "Qafqaz təhlükəsizlik Platforması"nda Rusiyanın fəal iştirakı və prezident Medvedyevin Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün təşkili üzrə təşəbbüsü bundan xəbər verir.

Rusiya və Türkiyə sentyabrda "Qafqazda təhlükəsizlik və sabitlik Platforması"nın yaradılması üzrə planın realizəsinə başlayıblar. Planın məqsədi Rusiya və Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişələrinin daha tez həll edilməsinə can atması olub.

Avqust hadisələri Rusiyanın Dağlıq Qarabağ münaqişəsini nizamlamaq istəməsi üçün başlıca katalizator olub, - azərbaycanlı politoloq Rəşad Rzaquliyev hesab edir.

İstənilən halda bu, Rusiyanın regionda yaşaması məsələsidir, - o bildirib. Rusiya öz müttəfiqlərinin - Ermənistan və Azərbaycanın problemlərinin həllini tapmazsa, o cənub dənizlərinə həyati çıxışlarını itirəcək.

İki potenisal müttəfiq öz aralarında düşmənçilik edərkən, regionda sabitlik olmayan vaxtda bu, ilk növbədə, Rusiyaya faydalı deyil, - Pribılovski hesab edir. O, azərbaycanlı ekspertlə razıdır ki, ölkələri barışdırmaq Rusiyanın marağındadır.

"Rusiyanın bundan irəli gələn bütün nəticələrlə regionda Azərbaycan və Ermənistanın baza istinad bağlılığına ehtiyacı var. Belə əlaqə baş tutmazsa, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması dönməz olacaq", - Sosial Layihələr Fondunun prezidenti Rzaquliyev Trend -a bildirib.

Müşahidəçilərin rəyinə görə, avqust hadisələri olmasaydı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ölü nöqtədə qalardı;Rusiya heç zaman onun nizamlanması üçün imkanlarından istifadə etməyib.

İndiyədək Rusiya bu münaqişənin nizamlanması üçün rıçaqlarından istifadə etməyib, - Pribılovski hesab edir. "Rusiya bu məsələdə yeganə vasitəçi olmasa da, yaxın tarixə görə o, daha çox Ermənistanın tərəfində olub və yəqin ki, Rusiyanın mövqeyi kifayət qədər obyektiv deyil", - "Panorama" İnformasiya - Tədqiqat Mərkəzinin prezidenti Pribılovski telefonla Trend -a bildirib.

Ekspert, Yeltsin və onun ətrafının erməni siyasətçiləri ilə çox əlaqələrinin olmasını Rusiya və Ermənistanın xüsusi münasibətlərinin əsas səbəbi olduğunu hesab edir. Putinin dövründə də eyni şey olub. Ekspertin rəyinə görə, keçmiş münasibətlərin yükü Medvedyevin çiyinlərində dayanmır və bu ona daha neytral mövqe tutmağa imkan verir.

Rzaquliyev Rusiyanın son illər ərzində Ermənistana böyük loyallıq göstərməsini başqa şəkildə izah edir.

Rusiya və Ermənistanın dostluğu tarixi formalaşmış formatdır, - o hesab edir. Ekspertin rəyinə görə, Ermənistanın elitası uzun illər ərzində Rusiyanın siyasi elitasına inteqrasiya edib. Bundan əlavə, Ermənistanın Rusiyadakı güclü diasporu da böyük rol oynayır. "Azərbaycanda hakimiyyətə xalq cəbhəsinin gəldiyi 90-cı illər də öz rolunu oynayıb. Xalq cəbhəsi Rusiyaya qarşı axmaq nümayişə başladı ki, bu da Moskva və Bakı arasında münasibətləri soyuqlaşdırdı", - Rzaquliyev bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikanı etiraf edən müşahidəçilər problemin dərhal və qəti şəkildə həllinə ümid bağlamırlar.

Belə münaqişələri zaman sağaldır, - Pribılovski hesab edir. Başlıcası silahlı toqquşmalara yol verməmək, qaçqınlar problemi haqqında düşünməkdir və müharibə olmasa, problem tez həll ediləcək, - o bildirib. "Məsələnin qəti həllini üzərində qan ləkəsi olmayan gələcək nəslə həvalə etmək lazımdır", - Pribılovski bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti