...

ATƏT-in Minsk Qrupu həmsədrləri tərəflərin sülh sazişinin təmin edilməsi üçün yaxın vaxtlarda fikir ayrılığını aradan qaldıra biləcəklərinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2009 14:08 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri tərəflərin sülh sazişinin təmin edilməsi üçün yaxın vaxtlarda fikir ayrılığını aradan qaldıra biləcəklərinə ümid edir

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəflərin status-kvodan daha faydalı ola biləcək sülh sazişinin təmin edilməsi üçün yaxın vaxtlarda fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə ümid edir. Bu barədə cümə axşamı ATƏT-in saytında yerləşdirilən press-relizində bildirilir

"Vasitəçilərin məqsədi, ərazi bütövlüyü, öz müqəddaratını təyin etmə və güc tətbiqindən imtinaya əsaslanan Helsinki Yekun Aktının prinsipləri əsasında ədalətli və balanslaşdırılmış sazişin  imzalanmasından ibarətdir", - deyə sənəddə bildirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

ATƏT-in Minsk Qrupu həmsədrləri (Səfir Bernar Fasye - Fransa, səfir Yuri Merzlyakov - Rusiya və Dövlət katibinin köməkçisinin müavini Metyu Brayza - ABŞ) yanvarın 19-da Bakıda səfərdə olub və burada prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüblər.  Onlar yanvarın 20-də Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan ilə də  görüş keçiriblər.


Daha sonra həmsədrlər yanvarın 27-də Sürixdə xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə yenidən danışıqlar aparıb və yanvarın 28-də bu şəhərdə Ümumdünya İqtisadi Forumu çərçivəsində prezidentlər İlham Əliyev və Serj Sarkisyan ilə birgə görüş təşkil ediblər.

Həmsədrlər prezidentlər ilə 2007-ci ilin noyabrında Madriddə ATƏT-in xarici işlər nazirlərinin konfransında tərəflərə təqdim olunan təkliflərdən çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə "əsas prinsiplər"in necə başa çatdırılması barədə fikir mübadiləsi aparıblar.

Məlumatda bildirilir ki, həmsədrlər "əsas prinsiplər" üzrə tərəflər arasında yaranan daha mühüm fikir ayrılıqlarının iki ölkə prezidenti tərəfindən nəzərdən keçirilməsi üçün təkliflərin hazırlanması istiqamətində xarici işlər nazirləri ilə işləməyə razılıq veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti