...

ABŞ-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir C.Babayeva/ Amerika Birləşmiş Ştatlarında Amerika-Azərbaycan Cəmiyyəti və Amerika-Azərbaycan Şurasının təşkilatçılığı ilə baş tutacaq "Xocalı həftəsi" çərçivəsində Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.

Trend -un məlumatına görə, Amerika-Azərbaycan Şurasının Bakı nümayəndəliyinin rəhbəri Kəmalə Paşayevanın jurnalistlərə bildirdiyinə görə, "Xocalı həftəsi"nə fevralın 20-dən start veriləcək.

"Həftə çərçivəsində San-Fransisko, Çikaqo, Hyustonda konfranslar, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısında etiraz aksiyası keçiriləcək. Aksiya zamanı BMT-yə, Dövlət Departamentinə, Senata, Konqresə Xocalı soyqırımına hüququ qiymətin verilməsi və günahkarların cəzalandırılması tələbilə sənəd ünvanlanacaq. Aksiya iştirakçıları soyqırım qurbanlarının xatirəsinə şamlar yandıracaqlar", - Paşayeva deyib.

O bildirib ki, Xocalı soyqırımı ilə bağlı keçiriləcək konfranslarda Heydər Əliyev Fondunun təqdim etdiyi fotosərgi və film nümayiş etdiriləcək.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsini araşdırır. Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə Trend -a bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti