...

Rəsmi Bakı ABŞ Prezidentindən Ermənistana işğalçılıq siyasətindən əl çəkəcəyinə dair xüsusi mesaj verəcəyini gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2009 17:33 (UTC +04:00)
Rəsmi Bakı ABŞ Prezidentindən Ermənistana işğalçılıq siyasətindən əl çəkəcəyinə dair xüsusi mesaj verəcəyini gözləyir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.Rüstəmov /

Rəsmi Bakı ABŞ Prezidenti Barak Obamadan Ermənistana işğalçılıq siyasətindən əl çəkəcəyinə dair xüsusi mesaj verəcəyini gözləyir.

"Dünyaya sülhü, demokratiyanın bərqərar olunmasını təklif edən bir ölkənin prezidenti kimi Obama belə məsələlərdə (Dağlıq Qarabağ münaqişəsinin həlli - Trend ) ədalətli, konkret mövqe tutmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ABŞ Prezidentinin Ermənistana işğalçılıq siyasətindən əl çəkməsinə çağıran xüsusi mesajı olmalıdır", - bazar ertəsi Trend -a Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: Obamanın Türkiyəyə aprelin 5-7-də səfər edəcəyi gözlənilir. Türkiyə mətbuatının yazdığına görə, ABŞ Prezidentinin Türkiyə rəsmiləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.

Məmmədov hesab edir ki, ABŞ ilə Türkiyə arasında münasibətlər çox böyük əhəmiyyət daşıyır və görüşlərdə regional məsələlərin müzakirəsi təbii və gözləniləndir. "Birləşmiş Ştatlar Prezidentinin Türkiyəyə səfər etməsini müsbət hadisə kimi qiymətləndirirəm. Bu o deməkdir ki, ABŞ Prezidenti xarici siyasətdə regiona marağı olduğunu bir daha nümayiş etdirir və eyni zamanda regionda Türkiyənin rolunu da etiraf edir", - şöbə müdiri deyib.

Məmmədov bildirib ki, regionda ən mühüm və ağır məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulması, Türkiyə tərəfindən irəli sürülmüş Qafqazda Sabitlik və Əməkdaşlıq Paktı ilə bağlı məsələlərin müzakirəsi müsbət haldır və bu cür müzakirələr ümumilikdə münaqişənin həllinə gətirib çıxarmalıdır. Lakin bu addımlar bir qədər konkret və daha ədalətli olmalıdır.

Şöbə müdirinin fikrincə, münaqişənin həllində atılacaq konkret addımlar Ermənistanın üzərinə təzyiq formasında özünü göstərməlidir. Çünki bu münaqişədə Ermənistan işğalçı dövlətdir.

Onun sözlərinə görə, rəsmi Bakının qoyduğu mövqe ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır.

"Münaqişənin həlli üçün ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları azad edilməlidir. Növbəti mərhələdə isə Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Daha sonra status məsələsi müzakirəyə çıxarılmalıdır. Əslində bu, təkcə bizim mövqeyimiz kimi yox, beynəlxalq hüquqa uyğun olaraq ədalətli həllini ortaya qoyan şərtlərdir", - Prezident Administrasiyasının şöbə müdiri deyib.

Trend -un arayışı: Son vaxtlar həmsədrlər münaqişənin həlli ilə bağlı ümidverici bəyanatlar səsləndirir. Minsk qrupunun fransalı həmsədri Bernar Fasye ötən həftə Vyanada keçirilən beynəlxalq forumda bildirib ki, münaqişənin həlli üçün Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilər azad edilməlidir. 10-15 il sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti