...

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sülh və stabilliyə aparan yolda əsas maneədir – NATO-nun xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2009 11:57 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sülh və stabilliyə aparan yolda əsas maneədir – NATO-nun xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Y.Ostapenko /

NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi, səfir Robert Simmons ilə Trend -un müsahibəsi.

- NATO Baş katibinin bildirdiyinə görə, alyans Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb edilə bilməz. Nə üçün?

- NATO Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunda sülh və stabilliyə aparan yolda əsas maneə olduğunu qəbul edir. Biz bu münaqişəyə olduqca ciddi yanaşırıq və sülh yolu ilə nizamlanmanın əldə olunması üçün səylərimizlə dəstək göstərməyi davam etdiririk. Lakin söhbət Dağlıq Qarabağla bağlı vasitəçi səylərindən getdikdə, bu məsələdə NATO aparıcı rol oynamır. Bu rol hazırda fəaliyyətini tam olaraq dəstəklədiyimiz ATƏT-in Minsk Qrupuna məxsusdur. Bizim mövcud danışıqlar formatına göstərdiyimiz dəstəyə əsaslanaraq, biz bu prosesdə NATO-nun fərdi roluna ehtiyac görmürük.

- Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verirmi? Onların NATO standartlarına uyğunlaşdırılması prosesi necə gedir? Bu məsələdə hansısa problemlər varmı?

- Azərbaycan Silahlı Qüvvələri üçün imkanların yaxşılaşdırılmasında NATO ilə birgə iş aparmaq təqribən 15 il ərzində əməkdaşlığımızın mərkəzi elementi olub. Azərbaycan bu sahədə əhəmiyyətli tərəqqiyə nail olub və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi ISAF missiyasında uğurlu iştirakı buna sübutdur. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələri NATO üzvlərinin istifadə etdiyi standartlara uyğunlaşmağı qarşılarına məqsəd qoyublar, o cümlədən təhlükəsizlik sahəsində demokratik nəzarət məsələsində. Bu, uzun prosesdir və təəccüblü deyil ki, hələ çoz iş görmək lazımdır. Şimali Atlantika Alyansı bu hərbi islahatların həyata keçirilməsində Azərbaycana yardım göstərməyi davam etdirəcək.

- Siz NATO-nun, xüsusilə də alyansın aprelin əvvəlində Kel və Strasburqda keçirilən sammitindən sonra Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı gələcək siyasətini necə görürsünüz?

- NATO-nun Cənubi Qafqaz üzrə siyasəti dəyişməyib. Biz əvvəlki kimi, regionda sülh və stabilliyi Avro-Atlantik təhlükəsizlik üçün mühüm elementlərdən biri hesab edirik. Biz region ölkələri ilə gələcəkdə də, həm siyasi, həm də praktiki sahələrdə onların maraqlarına müvafiq əməkdaşlıq edəcəyik.

NATO-ya üzv ölkələrin dövlət və hökumət rəhbərləri Strasburq və Keldə keçirilən sammitdə öz rəylərini açıq şəkildə ifadə ediblər ki, bizim regionla bağlı siyasətimizin əsasını tərəfdaşlıq və əməkdaşlıq, islahatlara dəstək, münaqişələrin sülh yolu ilə nizamlanmasına yardım etmək və 2008-ci ilin aprel ayında NATO-nun Buxarestdə keçirilən sammitində Gürcüstanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü barədə qəbul olunan qərarlara bağlılıq prinsipinin dəyişilməzliyi təşkil edəcək. Azərbaycana gəldikdə isə, mən əminəm ki, bizim tərəfdaşlığımız həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etməkdə davam edəcək. Əlbəttə, mən Azərbaycan liderləri ilə münasibətlərimizdəki irəliləyişlərin nəzərdən keçirilməsi üçün yenidən Azərbaycana səfər etmək imkanımı səbrsizliklə gözləyirəm.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti