...

Azərbaycanlı politoloqlar Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəsini Ermənistana diplomatik təzyiqlərin davamı kimi qiymətləndirirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2009 14:26 (UTC +04:00)
"Müzakirələrin Ermənistan üçün təzyiq vasitəsi kimi faydası olacaq. BMT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılmış son müzakirələr Ermənistanın kefini pozub. Ermənistan təkləndiyini hiss edib", - çərşənbə günü Trend News-a politoloq Rasim Musabəyov bildirib.
Azərbaycanlı politoloqlar Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəsini Ermənistana diplomatik təzyiqlərin davamı kimi qiymətləndirirlər

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı politoloqlar BMT Baş Assambleyasının 64-cü sessiyasında Dağlıq Qarabağla bağlı iki məsələnin müzakirəsini Ermənistana diplomatik təzyiqlərin davamı kimi qiymətləndirirlər.

"Müzakirələrin Ermənistan üçün təzyiq vasitəsi kimi faydası olacaq. BMT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılmış son müzakirələr Ermənistanın kefini pozub. Ermənistan təkləndiyini hiss edib", - çərşənbə günü Trend -a politoloq Rasim Musabəyov bildirib.

Politoloqun fikrincə, Azərbaycan üçün Ermənistana diplomatik təzyiqləri davam etdirmək çox vacibdir. "BMT-dəki müzakirələr nəticəsində qəbul olunacaq qətnamə Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa vadar edə bilməsə də, Ermənistan daim bu cür təzyiqləri hiss etməlidir", - Musabəyov deyib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT-nin Nyu-Yorkdakı qərargahının informasiya mərkəzindən Trend -a bildirilib ki, BMT Baş Assambleyasının baş tutacaq 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair iki məsələ müzakirə olunacaq.

Politoloq Zərdüşt Əlizadə BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağla bağlı müzakirələrin aparılacağını müsbət hal kimi qiymətləndirib.

"Lakin müzakirələr problemin həlli üçün kifayət etmir. Münaqişə ilə bağlı müzakirələr effektiv ordu quruculuğu, sülh diplomatiyası, səmərəli informasiya müharibəsi ilə müşayiət edilməlidir. Bu tədbirlər kompleks şəkildə aparılmalıdır. Bunların ən mühümü isə Azərbaycanda bütün vətəndaşların problemlərini həll etməyə qadir olan demokratik cəmiyyət quruculuğunun davam etdirilməsidir", - çərşənbə günü Trend -a Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı bütün addımlar öz müsbət təsirini göstərir. "Təsir nəticəsində problem həll olunmasa da, ictimaiyyətdə problem aktuallaşır və unudulmur. Təcavüzkar Ermənistan mütəmadi olaraq hiss edir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün diplomatik cəbhədə fəaliyyət göstərir", - Əlizadə deyib.

BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin indiyə qədər yerinə yetirilməməsinə gəlincə, politoloq bildirib ki, qətnamələri həyata keçirmək üçün qüvvə lazımdır. "Qüvvə olmadığına görə, qətnamələr yalnız siyasi səciyyə daşıyır. Onların icrası icbari deyil", - Əlizadə deyib.

Politoloq Vəfa Quluzadə Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəsinin problemin həllində irəliləyiş yaradacağını gözləmədiyini bildirib. "BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməsi indiyə qədər həyata keçirilməyib. Müzakirələrdən sonra BMT hər hansı bir qərar qəbul etsə belə, onun yerinə yetirilməsi istiqamətində heç bir addım atılmayacaq", - çərşənbə günü Trend -a Quluzadə bildirib.

Onun fikrincə, Ermənistan Rusiyanın "quberniyası"dır və dövlət kimi mövcud deyil. "BMT Rusiyadan çəkindiyinə görə, onunla bağlı hələ qərar çıxarmır. Ona görə hələ gözləmək lazımdır". - politoloq deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti