...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi fəal mərhələdədir - Azərbaycan Parlamentinin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2009 14:12 (UTC +04:00)
“Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməsi, münaqişənin birbaşa tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha çox səfər etməsi və bu problemin beynəlxalq təşkilatlarda daha çox müzakirə olunması bir növ canlanma yaradıb”, - Trend News-un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi fəal mərhələdədir - Azərbaycan Parlamentinin vitse-spikeri

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədr müavini Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin fəal mərhələdə olduğunu düşünür.

"Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməsi, münaqişənin birbaşa tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha çox səfər etməsi və bu problemin beynəlxalq təşkilatlarda daha çox müzakirə olunması bir növ canlanma yaradıb", - Trend -un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Muradovanın sözlərinə görə, məhz, bu mərhələdə artıq ATƏT-in Minsk qrupunun patronajlığı altında hər iki ölkənin millət vəkilləri arasında görüşlər keçirilir.

"Buraya Türkiyənin Cənubi Qafqazda sülhyaratma missiyası çərçivəsində atdığı addımları da əlavə etsək, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mühüm fazaya qədəm qoyduğunu deyə bilərik. Qarşıdakı ildə isə ATƏT-ə sədrliyin Qazaxıstana keçəcəyini və Türkiyənin xüsusi fəallığını qeyd edərək problemin həlli istiqamətində müsbət nəticələrin əldə olunacağına ümid etmək olar", - vitse-spiker əlavə edib.

Parlament sədrinin müavini yaranmış fəallığın nəticələri ilə bağlı əvvəlcədən proqnoz vermək istəmədiyini də qeyd edib.

"Münaqişənin həlli ilə bilavasitə məşğul olan dövlətlər, beynəlxalq təşkilatlar artıq problemin həllinin yetişdiyini daha tez-tez söyləməyə başlayıblar. Lakin bu, müxtəlif rakurslardan başa düşülə bilər. Yəni, ATƏT bir beynəlxalq təşkilat kimi, nəticədən asılı olmayaraq fəaliyyətini davam etdirməyi, Minsk qrupunun həmsədr dövlətləri isə ilk növbədə bölgədəki maraqlarını reallaşdırmağı qarşılarına məqsəd qoyurlar. Digər tərəfdən, Ermənistan qeyri-konstruktiv mövqeyini müxtəlif pərdələr altında qoruyub saxladığı bir zamanda, Azərbaycan bütün potensialını - həm siyasi, həm iqtisadi, həm də diplomatik resurslarını işə salaraq ərazi bütövlüyünü bərpa etmək istəyir. Burada üst-üstə düşən məqamlar olsa da, ziddiyyətli məsələlər üstünlük təşkil edir. Çünki münaqişənin həlli prosesinə tərəflərin yanaşma prizması da fərqlənir", - Muradova vurğulayıb.

Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan rəhbərliyini razılaşdırılmış məsələləri yenidən gündəmə gətirərək vaxtı uzatmağa çalışmaqda qınaması tamamilə doğrudur.

"İşğalçı dövlətin tənqidlərə, sanksiyalara məruz qalmadan müstəqil şəkildə yenidən öz "işinə" davam etməsi əlbəttə ki, onu daha "cəsarətli" addımlar atmağa həvəsləndirir. Bilirsiniz, təcavüzkarlıq Ermənistanın yürütdüyü bugünkü siyasətin mahiyyətindədir. Ədalət naminə işğalçı dövlət qınanmalıdır, sanksiyalara məruz qalmalıdır, ən azından cilovları dartılmalıdır ki, həmin dövlət bir daha bu yola əl atmasın. Eyni zamanda, işğalçı dövlətin nəzərinə çatdırılmalıdır ki, İkinci Dünya müharibəsindən dünya nizamını müəyyənləşdirmiş beynəlxalq hüquq normalarını pozur. Mövcud beynəlxalq qanunlara görə, hər bir dövlət digər ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidir. Amma Ermənistan nədənsə, bu qaydaları qəbul etmir və ya etmək istəmir... Və Azərbaycanın torpaqlarını bu günə qədər işğal altında saxlayır", - vitse-spiker xatırladıb.

Muradova qeyd edib ki, bu səbəbdən də Ermənistan Azərbaycanın yürütdüyü düşünülmüş siyasət nəticəsində hərtərəfli blokadaya düşüb.

"Təbii ki, Azərbaycan bunu torpaqları işğal altında saxlanıldığı üçün edir. Bu, diplomatik müstəvidə işğalçı dövlətə qarşı işlədilən təzyiq mexanizmidir ki, Azərbaycan onu həyata keçirir. Biz bununla çalışırıq ki, həm Ermənistanı torpaqlarımızdan çıxmağa məcbur edək, həm də beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sabitlik olmayacağına inandıraq. Amma təəssüflər olsun ki, sözdə dəstəklər olsa da, bunlar hələ də əməldə görünmür. Bunun nəticəsidir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini açıq şəkildə ortaya qoyur və münaqişənin həllini gecikdirir", - Milli Məclis sədrinin müavini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti