Ukayna, Kiyev, 25 fevral / Trend , müxbir B.Məmmədov/
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı Səfirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşəbbüsü ilə Xocalı soyqrımının 18-ci ildönümünə həsr olunmuş anım mərasimində Trend İnformasiya Agentliyinin erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən mərasimdə Ukraynanın elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak edib.
Mərasimi Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açaraq Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Xocalıda törətdikləri misligörünməmiş vəhşiliklərdən söz açıb. Səfirin sözlərinə görə, "Sözün bitdiyi zaman" filmi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması üçün gözəl əyani sübutdur. "Aradan 18 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların hələ də Xocalı soyqrımına hüquqi siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir. Bu cür filmlər daha çox çəkilməlidir, çünki təbliğat maşını nə qədər güclü olasa, Xocalı soyqırımının tanıdılmasına birbaşa təsir edər. Filmə baxmaqla son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini özündə əks etdirən tarixi faktların bir daha əyani şahidi olursan", - səfir əlavə edib.
Əliyev son illər Heydər Əliyev Fondunun Rusiya üzrə nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının erməni vandalizminin üzə çıxmasında müstəsna rol oynadığını bildirib.
Ukraynalı jurnalist Qalina İlyeva isə deyib ki, filmdə erməni vandalizminə dair ətraflı məlumat verilib. "Azərbaycan mətbuatı tərəfindən bu kimi taixi faktların xarici ölkələrdə göstərilməsi Qarabağ həqiqətlərinin obyektiv olaraq dünya ictimaiyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycanlı həmkarlarıma minəttarlığımı bildirirəm ki, əsrlər boyu Azərbaycan xalqının başına gətirilən ağrı və acıları film şəklində təqdim etməklə, erməni qəddarlığının bundan sonra ayaq tutub yeriməsinin qarşısına sədd çəkmiş olurlar. 1932-33-cu illərində Ukrayna xalqına qarşı da soyqırım siasəti yeridilib. Dünya birliyi aradan 75 il ötdükdən sonra bu faciəni soyqırım kimi tanıdı. Xocalı faciəsi isə bütün bunların ən dəhşətli formasıdır. Əminəm ki, beynəlxalq ictimaiyyət bu soyqırma qiymət verməyi gələcək nəsillərin öhdəsinə buraxmayacaq", - İlyeva deyib.
Mərasimdə Ukraynanın tanınmış dövlət xadımi Anatoli Raxanski, o cümlədən politoloq Maksim Mayorov çıxış edərək 1932-33-cü illərdə Ukrayna xalqının da soyqırım siyasətinə məruz qaldıqlarını diqqətə çatdırıbar. XX əsrin sonlarında Xocalı şəhərində daha qəddar soyqırım siyasətinin həyata keçirildiyini deyən natiqlər dünya birliyinin tezliklə ermənilərin bu kimi bəşəri cinayətinə qiymət verəcəklərinə əmin olduqlarını bildiriblər.
Tədbirdə beynəlxalq təşkilatlari ikili standart siyasətindən əl çəkməyə çağıran Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Ukraynadakı 500 minlik Azərbaycan diasporu adından BMT-yə ATƏT-ə və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət qəbul olunduğunu söyləyib.
Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı təmsilçiliyinin nümayəndəsi Həzi Aslanov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında filmin müstəsna rol oynayacağını bildirib.
Mərasimə qatılanlara Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim olunub.