...

Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirakına ehtiyac yoxdur – icma rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 13:07 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin icmanın münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirakına ehtiyac yoxdur.
Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirakına ehtiyac yoxdur – icma rəhbəri

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin icmanın münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirakına ehtiyac yoxdur.

"Bu, Ermənistanla Azərbaycan arasında gedən müharibədir. İcma isə dövlətin üzərinə düşən işi görə bilməz. Biz yalnız camaatın öz yurd-yuvalarına qayıdışı ilə məşğul ola bilərik", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Dağlıq Qarabağ icmasının rəhbəri hesab edir ki, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.

"Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılmalıdır, Dağlıq Qarabağın müstəqilliyi məsələsi müzakirə mövzusu ola bilməz", - Səfərov əlavə edib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması prosesi nə zamansa başa çatmalıdır. "Əgər sülh yolu ilə problemin həlli mümkündürsə, danışıqlar prosesi davam etdirilməlidir. Əks təqdirdə hərbi yolla torpaqlarımızı geri qaytaracağıq və hamımız döyüşməyə hazırıq", - İcma rəhbəri vurğulayıb.

Səfərov işğaldan azad olunandan sonra, azərbaycanlı icması ilə erməni icmasının necə yaşayacağı məsələsinə də toxunub. "Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan hər bir kəs bizim dövlətin vətəndaşıdır. Həmin vətəndaşlar Azərbaycan qanunlarına əməl edib, bu ölkədəki digər xalqlar kimi yaşamaq hüququna malikdirlər. Çünki biz demokratik ölkənin vətəndaşlarıyıq", - o xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti