...

Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT PA-nın sədrinə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının vacibliyini bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 17:19 (UTC +04:00)
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvü deyib ki, ATƏT Parlament Assambleyasının sədri və qurumun xüsusi nümayəndəsi ilə görüşdə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq arzusunda olduqları xüsusi vurğulanıb.
Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT PA-nın sədrinə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının vacibliyini bildirib

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Hüseynbala/

Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT PA-nın sədri ilə görüşüb.

"ATƏT Parlament Assambleyasının sədri və qurumun xüsusi nümayəndəsi ilə görüşdə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq arzusunda olduqları xüsusi vurğulanıb. İcmanın hər bir üzvü çıxışında qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi indiyə qədər yerinə yetirilməyib", - bazar ertəsi Trend -a, ATƏT PA-nın sədri Joao Suareş və qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ilə görüşdə iştirak edən "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin üzvü, millət vəkili Həvva Məmmədova bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məmmədovanın sözlərinə görə, görüşdə Dağlıq Qarabağ nəzarətsiz bölgə olduğundan, məcburi köçkünlər geri qayıdan zaman onların təhlükəsizliyinin təmin edilməsinin əsas şərt olması qeyd olunub.

"Biz qeyd etdik ki, məcburi köçkünlər Azərbaycanın 50-dən çox rayonunda məskunlaşıblar. Onların arasında mənim seçicilərim də var və Xankəndinə qayıtmaları üçün ATƏT və digər beynəlxalq təşkilatlar onların hər birinin təhlükəsizliyinin təmin olunmasına çalışmalıdırlar", - icmanın üzvü əlavə edib.

Millət vəkili deyib ki, görüşdə İctimai Birliyin sədri Bayram Səfərov Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verib. O, bildirib ki, təcavüz nəticəsində Azərbaycan əraziləri işğal olunub, bir milyon insan məcburi köçkün vəziyyətinə düşüb.

Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının da bu təcavüzün qurbanı olduğunu qeyd edərək bildirib ki, beynəlxalq birlik, o cümlədən ATƏT işğalçı Ermənistanı öz adı ilə çağırmalıdır.

Lenmarker öncə jurnalistlərə deyib ki, Dağlıq Qarabağın erməni icması münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda iştirak edə bilməz. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların məlum formatı var və bu istiqamətdə də danışıqlar davam etdirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti