Sankt-Peterburqda Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke ilə görüşü başa çatıb.
News.am-ın verdiyi məlumata görə, danışıqlar 40 dəqiqə davam edib. Minsk qrupunun həmsədrləri görüşün nəticələri ilə bağlı müsahibə verməkdən imtina ediblər.
Sonra vasitəçilər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Tərəflər danışıqların gedişini və həmsədrlərin iyulda regiona edəcəkləri səfəri müzakirə ediblər.
Dünən Sankt-Peterburqun Konstantinovsk sarayında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilıib.
Ermənistanın xarici işlər naziri Nalbandyan görüşün nəticələri ilə bağlı bəyan edib ki, tərəflərin razılaşdıra bilmədiyi məsələlər üzrə mövqeləri dəqiqləşdirilib və bu, gələcəkdə danışıqların davam etdirilməsi üçün əsas olacaq.