...

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda ABŞ dövlət katibi ilə görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2010 18:18 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə görüşlər keçiriblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda ABŞ dövlət katibi ilə görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə görüşlər keçiriblər. Bu barədə ArmeniaToday məlumat verib.

Görüşlərdən sonra Popov və Bradtkenin bəyanatlarına görə, müzakirələrin əsas mövzusu Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilən üçtərəfli görüşü zamanı səslənən məsələlər, eləcə də iyunun 18-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisə olub.

"Biz bu hadisə ilə bağlı narahatlığımızı bir daha bildiririk. Bu hadisə 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmanı pozub. Belə hadisələr münaqişənin sülh yolu ilə həll olunması prosesinə xələl gətirə bilər. Görüşlər zamanı gələcəkdə belə hallara yol verməmək üçün imkanlar müzakirə edilib", - Popov bildirib.

Rusiyalı həmsədr bəyan edib ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın məsələsi demokratik yolla həll edilməlidir. Həmsədrlər bildiriblər ki, onlar Yerevanda Ermənistanın müdafiə naziri Seyran Oqanyanla görüşmək niyyətində deyillər. Lakin Bakıya səfərləri zamanı onların ABŞ dövlət katibi Hillari Klintonla görüşləri olacaq.

Fransalı həmsədr Bernar Fasye Xankəndinə gələ bilməyib. Vasitəçilər Yerevana səfərləri zamanı Prezident Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla görüşəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti