Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Azərbaycanın Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində keçirilən monitorinq baş tutub və heç bir insident qeydə alınmayıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçiriblər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.