Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyi dəyişməz qalır. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan cümə günü Rusiya Prezidenti Dmitri Medvedev ilə birgə mətbuat konfransında deyib, - xəbəri "Vesti" telekanalı yayıb.
"Biz böhran və münaqişələrin güc və ya təhdid tətbiq edilmədən, müstəsna olaraq, sülh yolu ilə həll edilməsinə tərəfdarıq", - o qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına uyğun və son vaxtlar praktikada tətbiq edilən formatlara ciddi riayət edilməlidir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.