...

Dağlıq Qarabağ problemi ilə bağlı BMT xüsusi nümayəndəsinin təyin olunması təşəbbüsləri alqışlanmalıdır - Azərbaycanın vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2010 17:32 (UTC +04:00)
Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin olunması haqqında irəli sürülən təşəbbüslər alqışlanmalıdır.
Dağlıq Qarabağ problemi ilə bağlı BMT xüsusi nümayəndəsinin təyin olunması təşəbbüsləri alqışlanmalıdır - Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin olunması haqqında irəli sürülən təşəbbüslər alqışlanmalıdır. Bu, ATƏT-in Minsk qrupunu əvəz edəcək təşəbbüs olmasa belə, ən azı, qrupun fəaliyyətinə təsir göstərə bilər. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın təklifinə münasibət bildirərkən deyib.

Latviyanın sabiq Prezidenti ilə görüş zamanı Milli Məclisinin sədri bildirib ki, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr Azərbaycan üçün çox önəmlidir. Bu barədə Milli Məclisin məlumatında bildirilir.

BMT Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini təyin etməlidir. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Latviyanın eks-prezidenti (1999-2007), BMT baş katibinin xüsusi diplomatik nümayəndəsi, Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun vitse-prezidenti Vayra Vike-Freyberqa bildirib.

Muradova xatırladıb ki, ATƏT-in Minsk qrupu da BMT tərəfindən yaradılaraq ona Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etmək mandatı verilib.

"Məsuliyyətin Minsk qrupunun üzərində olmasına baxmayaraq, başqa beynəlxalq təşkilatlar da problemin həlli ilə bağlı mövqe bildirir, müvafiq sənədlər qəbul edirlər. Bir çox maraqlı tərəflərin missiyanın yalnız Minsk qrupu tərəfindən aparılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini söyləmələrinə rəğmən, biz heç zaman digər müstəvilərdə məsələnin həllinə təsir göstərə biləcək işlərin aparılmasının vacib olduğuna şübhə ilə yanaşmamışıq. Ardıcıl olaraq mövqeyimiz də bundan ibarət olub", - vitse-spiker vurğulayıb.

Muradova qeyd edib ki, Azərbaycan digər beynəlxalq təşkilatların parlament assambleyalarında, o cümlədən BMT-nin Baş Assambleyası çərçivəsində ən müxtəlif sənədlərin qəbul olunmasına səylər göstərib və buna nail olub. Bu səylər ölkəmizin mövqeyinin nədən ibarət olduğunu nümayiş etdirir.

"Ona görə də Latviyanın keçmiş Prezidentinin - BMT-də müəyyən vəzifə daşıyan bir şəxsin fikrini müsbət qəbul edirəm. Nə qədər beynəlxalq səylər problemin həllinə yönəlsə, nə qədər çoxsaylı xoşməramlı təşəbbüslər olsa, bu, özlüyündə məsələni ayrılıqda həll etməsə də, ümumilikdə Minsk qrupunun öz vəzifəsinə daha məsuliyyətlə yanaşmasına və prosesi irəliyə aparmaq üçün daha çox səylər göstərməsinə gətirib çıxara bilər. Biz bunu Azərbaycanın irəli sürdüyü son qətnamə layihəsinin müzakirəsi prosesində də gördük ki, bu məsələnin gündəmə çıxması erməni tərəfinin nə qədər təşvişinə və narahatlığına səbəb oldu. Eləcə də sülh danışıqları prosesini irəli aparmaq üçün missiya daşıyan qurumun özündə bir operativlik, məsələyə diqqətin artması faktları ortaya qoyuldu", - vitse-spiker bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti