...

ATƏT-in qiymətləndirmə missiyasının tərkibində Azərbaycanı təmsil edən nümayəndənin olması vacibdir - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in qiymətləndirmə missiyasının tərkibində Azərbaycanı təmsil edən nümayəndənin olması vacibdir. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

"Azərbaycanın işğal olunmuş ərazilərində ATƏT-in qiymətləndirmə missiyasının araşdırma aparması müsbət haldır. Münaqişənin nəticələri haqqında beynəlxalq birliyi məlumatlandırmaqla yanaşı, vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin və ATƏT eksperlərinin rəyi də önəmlidir. Çünki onlar bölgədə olarkən, faktları öz gözləri ilə görəcəklər", - Muradova deyib.

ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti araşdıracaqlar.

Muradova xatırladıb ki, ATƏT tərəfindən belə ilk missiya 2005-ci ildə olub.

"Bundan sonra isə Azərbaycan tərəfinin dəfələrlə bu məsələni qaldırmasına baxmayaraq, konkret addımlar atılmadı", - o deyib. Bununla belə, vitse-spiker artıq missiyanın bölgədə araşdırmalar aparmağa başlamaq üzrə olduğunu müsbət dəyərləndirib.

"Amma bu səfərin və araşdırmaların nəticələrinin obyektiv olacağını indidən deyə bilmərəm. Çünki hesabat ortada olduğu zaman onu dəyərləndirə biləcəyik. Ümid etmək istəyirəm ki, missiya obyektivlik nümayiş etdirəcək və Azərbaycanın işğal olunmuş ərazilərinin real mənzərəsini yaradan hesabat tərtib edəcək. Çünki bu, həm vasitəçi olaraq həmsədrlərin özünə lazımdır, həm də bütövlükdə ATƏT-in Minsk qrupunun fəaliyyəti üçün çox vacibdir. Eləcə də obyektiv hesabat digər beynəlxalq təşkilatlar, o cümlədən BMT müstəvisində məsələlər müzakirə olunduğu zaman aydın təsəvvürün yaranması, real vəziyyətin diqqətə çatdırılması və bunun əsasında da sənədlərin qəbul olunmasına gətirib çıxaran amilə çevrilə bilər. Hər halda, mən çox istərdim ki, Minsk qrupunun həmsədrləri və onlarla birgə bölgədə olan ekspertlər real vəziyyəti olduğu kimi öz hesabatlarında təsvir etsinlər", - Muradova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti