...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha qətiyyətli səylərin vaxtı çatıb – dövlət rəhbərlərinin bəyanatı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 15:05 (UTC +04:00)
RED. əlav.: Birinci abzasdan sonra ətraflı məlumat əlavə olunub
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha qətiyyətli səylərin vaxtı çatıb – dövlət rəhbərlərinin bəyanatı (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Birinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Astanda ATƏT-in sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin - Rusiya Prezidenti Dmitri Medvedev, Fransanın Baş naziri Fransua Fiyon, ABŞ dövlət katibi Hillari Klintonun, eləcə də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın birgə bəyanatı qəbul edilib. ATƏT-in rəsmi saytında dərc edilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha qətiyyətli tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib.

Sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il noyabrın 2-də Moskvada və 2010-cu il oktyabrın 27-də Həştərxanda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli görüşdə verdikləri birgə bəyanat xatırladılır. Həmsədr ölkələrin nümayəndələri və münaqişə tərəflərinin rəhbərləri razılığa gəliblər ki, sülh yolu ilə razılaşdırılmış nizamlanma sabitlik və təhlükəsizlik gətirəcək və region xalqlarının barışığını təmin edəcək.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Rusiya, Fransa və ABŞ prezidentləri Dmitri Medvedev, Nikolya Sarkozi və Barak Obamanın 2009-cu il iyulun 10-da Akvildə və 2010-cu il iyunun 26-da Maskokada verdikləri bəyanatlara əsaslanaraq, Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasına nail olmaq üçün öhdəliklərini yenidən təsdiq ediblər.

ATƏT-in Minsk qrupunun üç həmsdər ölkəsi Azərbaycan və Ermənistan prezidentlərini sülh yolu ilə nizamlanmaya nail olmaq üçün zəruri qərarların qəbul edilməsində dəstəklədiklərini bəyan ediblər. Onlar Ermənistan və Azərbaycan liderlərini təkidlə hələ də razılaşdırılmayan əsas prinsiplərin maddələrinə fikirlərini cəmləmək üçün enerjilərini ikiqat artırmağa səsləyiblər və həmsədrlərə bu səylərdə köməyin göstərilməsi üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıblar. Danışıqlar atmosferini yaxşılaşdırmaq üçün ATƏT-in Minsk qrupunun nümayəndələrini atəşkəs rejiminin qorunması və bütün sahələrdə inamın möhkəmləndirilməsi üzrə işlərin aparılması üçün əlavə tədbirlərin görülməsinə çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti