...

Rəsmi Bakı İƏT ölkələrini Dağlıq Qarabağ probleminin həllinə dəstəyi artırmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2010 15:36 (UTC +04:00)
Rəsmi Bakı İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələri Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinə dəstəyi artırmağa çağırıb.
Rəsmi Bakı İƏT ölkələrini Dağlıq Qarabağ probleminin həllinə dəstəyi artırmağa çağırıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələri Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinə dəstəyi artırmağa çağırıb.

"Azərbaycanın 20 faiz torpaqlarının qonşu Ermənistan tərəfindən işğal altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu İƏT regionunda inkişaf, sabitlik və tərəqqinin bərqərar olunmasına böyük maneələr törədir. Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin tez bir zamanda həllinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş mövqeyinə öz qətiyyətli və ardıcıl dəstəyini artırmalıdır", - Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 19-cu görüşündə çıxışı zamanı bildirib.

Nazir bildirib ki, Azərbaycan İƏT daxilində əməkdaşlığın inkişaf etdirilməsində fəal rol oynamağa hazırdır və təşkilatın zəngin potensialının reallaşdırılmasında digər üzv dövlətlərlə birgə fəaliyyət göstərməyə davam edəcək.

Məmmədyarov bildirib ki, bu görüş regionun inkişaf və tərəqqisinə nail olmaq üçün müsbət dəyişikliklərə istiqamətlinmiş İƏT çərçivəsində ardıcıl birgə səylərin növbəti raundunun kuliminasiyasıdır.

"İƏT-in üzv ölkəsi olaraq Azərbaycan Respublikası bu təşkilat çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Biz əminik ki, bugünkü görüşdə qəbul olunan qərarlar təşkilatın canlandırılmasında, onun effektivliyinin və bölgəmizin üzləşdiyi çağırışlarla cavab vermə qabiliyyətinin artırılmasında vacib addım olacaq. Nəzərə alaraq ki, nəqliyyat İƏT daxilində əməkdaşlığın əsas qurucu elementidir və regional ticarətin inkişafı üçün ilkin şərtdir, biz hesab edirik ki, İƏT ölkələri üçün faydalı olacaq Bakı-Tbilisi-Qars və Qəzvin-Rəşt-Astara kimi əsas regional dəmiryol layihələrinin tamamlanması istiqamətdə bütün səylərin artırılması vacibdir", - Məmmədyarov vurğulayıb.

Nazirin sözlərinə görə, tranzit potensialını artırmaq məqsədilə Azərbaycan Trans-Avropa və Trans-Asiya şəbəkələrinin birləşməsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu çox şaxəli etməyə və müasirləşdirməyə çalışır. Bununla yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat (logistik) mərkəzinin inşası beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətliliyini və region ölkələrinin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda, Azərbaycan enerji mənbələrinin nəql edilməsinin çoxşaxəliliyində, enerji təhlükəsizliyinin artırılmasında və cəlb olunmuş ölkələrin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin iqtisadiyyatlarının inkişaf etdirilməsində böyük rol oynayacaq regional enerji layihələrinin həyata keçirilməsində fəallıq göstərir.

"İƏT-də müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik və inanırıq ki, təşkilatın mövcud potensialından tam yararlana bilməmişik. Bunun tam şəkildə dərk edilməsi üçün İƏT-ə üzv ölkələr təşkilatın effektivliyinin artırılmasına yönəlmiş islahatların həyata keçirilməsi prosesini davam etdirməlidirlər. Biz İƏT-in bütövlükdə təşkilati strukturunu ölkələrimizin və bütün regionun ehtiyacları və üzləşdiyi çağırışlara cavab verməyə uyğun formaya gətirməliyik. Biz İƏT-i tamamilə bitkin bir təşkilata çevirməyə müvəffəq olduq, lakin buna baxmayaraq, bu təşkilat effektiv və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. Bu vəziyyətin yaxşılaşdırılması üçün İƏT-in bütün üzv ölkələrinin ümumi və müştərək baxışları və həmçinin güclü bağlılığı və cəlb olunmaları vacibdir.

Biz həmçinin əməkdaşlığın daha çox sahələrini əhatə etməkdən çəkinməliyik. Bizim təcrübə bunun səmərəli olmadığını göstərir. Beləliklə, fəaliyyətimiz daha mərkəzləşdirilmiş və layihə yönlü olmalıdır: bu, xüsusilə planlaşdırma və həyata keçirmə mərhələlərinə aiddir. Əlavə olaraq, bu, müəyyən prioritetlərə əsaslanmalı, təşkilati imkanlarımıza və məhdud mənbələrimizə uyğun şəkildə həyata keçirilməlidir. Əminik ki, əməkdaşlıq sahələrinin prioritetləşdirilməsi, həmçinin İƏT-in işçi və ekspert qruplarının səmərəliliyinin artırılması bütövlükdə təşkilatın effektivliyinə təkan verə bilər.

Bu baxımdan, Azərbaycan hesab edir ki İƏT çərçivəsində əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Aydın məsələdir ki, yuxarıda qeyd olunanları təşkilatımızın iş üsullarında müvafiq dəyişikliklər etmədən aradan qaldıra bilmərik. Biz əminik ki, buna nail olmaq məqsədi ilə İƏT islahatlar prosesini davam etdirməli və bunu gündəliyin vacib məsələsi kimi qeyd etməliyik", - nazir bildirib.

Məmmədyarov deyib ki, islahat qaydalarını qəbul edərkən üzv dövlətlərin qarşılaşdığı ictimai-siyasi və humanitar xarakterli problemlər təşkilat tərəfindən müvafiq qaydada baxılmalıdır.

"Regionda qeyri-sabitlik davam etdiyi müddətdə real regional əməkdaşlıq müzakirə oluna bilməz. Bu, regionumuzun və təşkilatın üzləşdiyi ən ciddi problemdir və onları həll etmək üçün daha qətiyyətli cəhdlər etmək lazımdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti