...

Azərbaycan BMT-də ATƏT MQ-nin qiymətləndirmə missiyasının Ermənistanın işğal etdiyi ərazilərdəki vəziyyətə dair hesabatını yaya bilər - daimi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2011 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir S.Ağayeva/

Azərbaycan BMT-də ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının Ermənistanın işğal etdiyi ərazilərdə vəziyyətə dair hesabatını yaya bilər.

"Qiymətləndirmə missiyasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində vəziyyətə dair hesabatını təqdim etməsindən sonra ölkənin BMT-dəki daimi nümayəndəliyi onu təşkilatda yaya bilər", - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çərşənbə günü Nyu-Yorkdan telefonla Trend-ə bildirib.

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın təşəbbüsü ilə 2010-cu il oktyabrın əvvəllərində işğal edilmiş Azərbaycan ərazilərindəki vəziyyəti öyrənib. Minsk qrupunun həmsədrləri səfər zamanı bu ərazilərə baş çəkiblər və vəziyyətlə tanış olublar. Vasitəçilərin yanvarda işğal edilmiş Azərbaycan ərazilərindəki vəziyyətlə bağlı hesabat təqdim edəcəkləri gözlənilir.

Missiyanın hesabatı Baş Assambleyanın gündəliyinə daxil edilə bilməz, çünki bu ATƏT-in hesabatıdır. Daimi nümayəndə bildirib ki, lakin Azərbaycan istəsə, sənəd üzrə müxtəlif səviyyələrdə müzakirələr təşkil edə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bundan əvvəl Azərbaycan tərəfi BMT Baş Assambleyasının 64-cü sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin müzakirəsini təklif edib, lakin sonradan bu təklifi geri götürüb.

Qətnamə layihəsinin bəndlərindən birində Azərbaycan BMT-ni ATƏT-dən Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti aydınlaşdırmaq üçün qiymətləndirmə misiyasının göndərilməsini tələb etməyə çağırır. Mehdiyev qeyd edib ki, lakin missiyanın səfəri artıq baş tutduğundan Azərbaycan tərəfi onun hesabatını gözləməyi və yalnız onunla tanış olduqdan sonra müzakirələrin vaxtını təyin etməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti